Tariximizin və mədəniyyətimizin neçə - neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlıdır. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir.Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu zaman - zaman təsdiq etmişdir.Bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri olan 8 Mart Beynəlxalq Qadınlar Günü kimi ilk dəfə Romada keçirilsə də, indi hər il müxtəlif dünya dövlətlərində, eləcə də, Respublikamızda təntənəli şəkildə qeyd olunur.Ta qədimdən Azərbaycanda qadına-anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrində qızıl hərflərlə yazılmışdır.Bu gün beynəlxalq səviyyədə qeyd olunan 8 Mart Beynəlxalq Qadınlar Günü 1857-ci ildə ABŞ - ın Nyu-York şəhərində geyim sektorunda çalışan 40 min qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda, pis iş şəraitinə etiraz tətil günlərindən qəbul edilir. Bəli, bu zəhmətkeş qadınların etirazı bir tarixi hadisənin möhürünü vurdu.1909 - cu ildə isə Avropadakı qadınlar fevral ayının son bazar gününü, yəni fevralın 28-ni ilk qadın günü olaraq qeyd etməyə başladılar. 1910 - cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən Beynəlxalq Sosialist Qadınlar Qurultayında Lara Setkin adlı alman sosialist qadını 1857-ci ilin 8 martında Amerikada Nyu-Yorkda qadınların başlatdığı mübarizənin qadın hüquqlarının genişləndirilməsi, qadın həmrəyliyinin simvolu olaraq qəbul edilməsi üçün hər il 8 martın Beynəlxalq Çalışan Qadınlar Günü kimi qeyd olunmasını təklif etdi və bu təklif müsbət qarşılandı. Amma bu gün bütün dünyada Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 1977-ci ilin 16 dekabr tarixində 8 martın Beynəlxalq Qadınlar Günü kimi qeyd edilməsinin qəbul və təsdiqindən sonra yerini qazandı.Beləliklə, qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması bu tarixdən başlandı.Ulu öndər Heydər Əliyevin imzaladığı "Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" 2000-ci il 6 mart tarixli fərmanın icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlər belə statistik nəticəyə gəlməyə əsas verir ki, respublikada qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi əvvəlki illərə nisbətən getdikcə yüksələn xətt üzrə inkişaf edir.Müasir dövrdə qadınlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verir, beynəlxalq qadın hərəkatında fəal iştirak edirlər. Azərbaycanın ümummilli lideri HeydərƏliyev qadınların bu xidmətlərini - gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi yüksək qiymətləndirir, onlara daim böyük diqqət və qayğı göstərirdi. Ulu öndərimiz deyirdi:"Qadınlar bir belə əziyyət çəkərkən nə istəyirlər? -Sadəcə onlara diqqət, qayğı və ehtiram! Bu anlayışlar, əlbəttə, çox böyük məna kəsb edir. Kişilər gərək qadınları həmişə yüksəkdə görsünlər, qadınlara gərək xüsusi hörmət etsinlər, qadınlara diqqətlə yanaşsınlar".Bu gün Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva istər ölkəmizdə, istərsə də vətəndən uzaqlarda öz işi, bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir və Azərbaycan qadınının nələrə qadir ola biləcəyini gördüyü işlərin sanbalı ilə sübut edir.Təkcə bu gün yox, sabah da, o biri gün də - daim üzünüz gülsün, əziz xanımlar!Unutmamalıyıq ki, bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar, analar - bu zərif məxluqlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir.8 Mart Beynəlxalq Qadınlar Gününüz mübarək əziz qadınlar-analar, bacılar!Sevda Məmmədova,Xocalı rayon gənci